Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) beynəlxalq əlaqələri xarici ölkə universitetləri ilə ikitərəfli əməkdaşlığı, beynəlxalq təhsil proqramlarında iştirakı, əcnəbi tələbələrin cəlb olunmasını, müvafiq beynəlxalq təşkilatlarla işbirliyini və digər istiqamətləri əhatə edir.
Xarici ölkə universitetləri ilə əməkdaşlıq tələbə və müəllim mübadiləsinin həyata keçirilməsini, ortaq Yay Məktəblərinin və ikili diplom proqramlarının reallaşdırılmasını, birgə elmi konfransların və seminarların təşkilini, qarşılıqlı faydalı təcrübə mübadiləsinin aparılmasını nəzərdə tutur. Bu vaxta qədər, UNEC dünyanın 32 ölkəsinin 92 universiteti ilə ikitərəfli əməkdaşlıq müqaviləsi imzalamışdır.
Hazırda universitetimiz Almaniyanın Ziqen Universiteti (Siegen University), Böyük Britaniyanın Uorvik Universiteti (University of Warwick), İtaliyanın Boloniya Universiteti (University of Bologna), İsveçrənin Biznes və Beynəlxalq Tədqiqatlar Universiteti (University of Business and International Studies), İspaniyanın Malaqa Universiteti (University of Malaga), Litvanın Mikolas Romeris Universiteti (Mykolas Romeris University), Cənubi Koreyanın Vusonq Universitetinin Solbrij Beynəlxalq Biznes Məktəbi (Solbridge International School of Business, Woosong University), Türkiyənin Qazi, Hacettepe və Sakarya Universitetləri ilə aktiv əməkdaşlıq edir.
Hazırda UNEC tələbələri qeyd olunan tərəfdaş universitetlərdə bir semestrlik təhsil almaq imkanından geniş şəkildə istifadə edirlər. Eyni zamanda, həyata keçirilən müəllim mübadiləsi UNEC-də tədris prosesinin təkmilləşdirilməsi və professor-müəllim heyətinin qabaqcıl xarici universitetlərin müsbət təcrübəsindən faydalanması baxımından mühüm əhəmiyyət kəsb edir.
Son dövrlərdə Türkiyə Palatalar və Birjalar Birliyinin İqtisadiyyat və Texnologiyalar Universiteti, Ukraynanın Kiyev Milli İqtisadiyyat Universiteti, Çinin Şanxay Universiteti, Plexanov adına Rusiya İqtisadiyyat Universiteti, Hindistanın Menecment Texnologiyaları İnstitutu, Macarıstanın Dunayvaros Universiteti, Birləşmiş Ərəb Əmirliyindəki Paris Sorbon Universiteti və digər universitetlərlə yeni əməkdaşlıq əlaqələri yaradılmışdır.
UNEC dünyanın qabaqcıl universitetləri ilə ikili diplom proqramlarının yaradılmasına xüsusi əhəmiyyət verir. Bu istiqamətdə atılmış ilk uğurlu addım kimi, İsveçrənin Biznes və Beynəlxalq Tədqiqatlar Universiteti ilə “Biznesin təşkili və idarə edilməsi” ixtisası üzrə birgə MBA proqramının yaradılması xüsusi vurğulanmalıdır.
Eyni zamanda, UNEC Dünya Bankı, ÜTT, BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı (UNCTAD), Ümumdünya Əqli Mülkiyyət Təşkilatı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti, Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyi və digər beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir. UNEC-də “Dünya Bankının İctimai-İnformasiya Mərkəzi” və “ÜTT İstinad Mərkəzi” fəaliyyət göstərir. Universitetimiz UNCTAD-ın Virtual İnstitutunun Azərbaycandan olan yeganə üzvüdür.
Bundan əlavə, UNEC Beynəlxalq Universitetlər Assosiasiyasının (IAU), Avropa Universitetlər Assosiasiyasının (EUA), İslam Dünyası Universitetləri Federasiyasının (FUIW), Qafqaz Universitetlər Birliyinin (CUA) və digər bu kimi beynəlxalq universitet birliklərinin üzvüdür.
2013/2014-cü tədris ilinin sonuna olan məlumata əsasən, UNEC-də dünyanın 21 ölkəsindən 282 nəfər əcnəbi tələbə təhsil alır. Əcnəbi tələbələrimiz arasında Türkiyə, Gürcüstan və Rusiyadan olan tələbələr üstünlük təşkil edir. Hazırda Türk dünyası işlətmə, Beynəlxalq iqtisadi münasibətlər, İnformatika və idarəetmə, Kommersiya, Biznes inzibatçılığı və Maliyyə fakültələrində daha çox əcnəbi tələbə təhsil alır.
Universitetimizin beynəlxalq əlaqələrində beynəlxalq proqram və layihələrdə iştirak mühüm yer tutur. Tərəfdaş olduğumuz beynəlxalq proqramların ən uğurlusu kimi TEMPUS proqramını qeyd etmək olar. Belə ki, UNEC IV Mərhələ 6-cı çağırış TEMPUS proqramı çərçivəsində koordinator qismində 3 müxtəlif layihə hazırlayıb təqdim etmişdir. Sevindirici haldır ki, UNEC-in “Beynəlxalq əlaqələr sahəsində universitet idarəçiliyinin inkişaf etdirilməsi və təkmilləşdirilməsi” mövzusunda TEMPUS Layihəsi Avropa Komissiyası tərəfindən qalib elan olunmuşdur və Layihənin icrası üçün 654.000 Avro məbləğində qrant ayrılmışdır. Bununla da, UNEC ilk dəfə olaraq TEMPUS proqramının qalibi olmuşdur. Eyni zamanda, hazırda UNEC “Xüsusi qayğıya ehtiyacı olan insanların Azərbaycan ali təhsil müəssisələrinə inteqrasiyası” mövzusunda başqa bir TEMPUS layihəsində tərəfdaş qismində iştirak edir.
Tərəfdaş olduğumuz digər beynəlxalq proqram icrasına 2013/2014-cü tədris ilində başlanılmış Mevlanə Mübadilə Proqramıdır. Proqramın ilk ilində UNEC-in 11 professor və müəllimi Türkiyənin Gazi, Hacettepe, Sakarya və Akdeniz Universitetlərində 2-6 həftə ərzində təcrübə keçmiş, müvafiq fənlər üzrə mühazirələr oxumuş və həmin universitetlərdə tətbiq olunan müasir tədris metodları ilə tanış olmuşdur. Eyni zamanda, bu proqram çərçivəsində 2013/2014-cü tədris ili ərzində Türkiyənin Sakarya, Süleyman Dəmirəl, Çukurova və Akdeniz Universitetlərinin 11 professor və müəllimi 1-2 həftə ərzində UNEC-də olmuş və tədris prosesində iştirak etmişdir. Bundan başqa, Mevlanə Mübadilə Proqramı çərçivəsində UNEC-in 6 tələbəsi Türkiyənin Hacettepe və Sakarya Universitetlərində, eləcə də Türkiyənin Süleyman Dəmirəl Universitetinin tələbəsi UNEC-də 1 semestr təhsil almışdır.
UNEC-in “Erasmus+” və “Horizon-2020” proqramlarına aktiv şəkildə qoşulması, tələbə və müəllimlərimizin hər iki proqramın təklif etdiyi imkanlardan maksimum faydalanması üçün müvafiq tədbirlər həyata keçirilir